CƏMİYYƏT
POLİS ƏMƏKDAŞLARI OĞRULARI YAXALAMIŞLAR
Bakı, 3 mart (AZƏRTAC). Sədərək Ticarət Mərkəzində Bakı şəhər sakini Rəfayel Niftiyevə məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Əfsər Nəcəfov Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, ondan 6,41 qram narkotik vasitə olan tiryək götürülmüşdür.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinin əməkdaşları isə martın 1-də Balaxanıneft NQSC-nin quyularından oğurluq etməkdə şübhəli bilinən Balaxanı qəsəbəsinin sakini Məmməd Məmmədovu yaxalamışlar.
V.Bədəlovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nərmin Sadıqova Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
H.Cavid prospektində Bakı şəhər sakini Əmiraslan Məlikova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Mehdiabad qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Zakir Fərəciyev Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinin əməkdaşları R.Cəfərovanın mənzilindən oğurluq etməkdə şübhəli bilinən oğlu İmran Cəfərovu tutmuşlar.
Fevralın 28-də D.Mirzəyevin həyətindən oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini Vüsal Əliyev şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.