CƏMİYYƏT
Polis əməkdaşları və dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə növbəti seminar-müşavirə sentyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə hər iki qurumun məsul nümayəndələri, BŞBPİ-nin və paytaxtın polis idarələrinin, habelə şimal bölgəsi üzrə polis orqanlarının əməkdaşları, Bakıda və rayonlarda fəaliyyət göstərən dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Müşavirədə MSK-nın üzvü İlham Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilmiş referendumun yüksək səviyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün geniş hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. MSK üzvü referendumun sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır.
Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev çıxış edərək referendumun keçirildiyi gün ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Bildirilib ki, seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən təsdiq edilən xüsusi tədbirlər planının icrası nəzarətə götürülüb. Tədbirlər planına əsasən, respublikamızın bir neçə regionunda, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsində, Şirvan və Şəki şəhər-rayon polis şöbələrində zona seminar-müşavirələri təşkil olunub. Qeyd olunub ki, bülletenlərin saxlanıldığı seçki dairə və məntəqələrində, habelə bülletenlərin daşınması zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Sonra MSK Katibliyinin əməkdaşı Samir Tağıyevin məruzəsi dinlənilib. Məruzədə dairə seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları və seçki subyektləri, onların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.