CƏMİYYƏT
Polis oğruluqla məşğul olan şəxsləri yaxalamışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 21-də Babək prospektindəki bazarda, paytaxt sakini Təbiət Qasımova məxsus avtomobilin çexolu oğurlanmışdır.
Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri İlkin Bəylərov və Amid Qafarov Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Noyabrın 22-də Sabunçu qəsəbəsində yaşayan Əli Əliyevə məxsus mağazadan 100 manat pul və ərzaq məhsulları oğurlamağa cəhd göstərmiş qəsəbə sakini Aydın Tağızadə Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Yasamal Rayon Polis İdarəsi 27-ci bölməsinin əməkdaşları isə Arif Əbdülrəhmanova məxsus “Hyundai” markalı avtomaşından oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Şahverdiyevi yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.