“POLİS VETERANI” MEDALININ TƏSVİRİ
2006-cı il 21 aprel tarixli
Qanunu ilə təsdiq edilmişdir
“POLİS VETERANI” MEDALININ
TƏSVİRİ
“Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir.
Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir. Lövhənin üst hissəsinin uzunluğu kənarlarda 32 mm, ortada 34 mm-dir, alt hissəsinin uzunluğu isə kənarlarda 10 mm, ortada 8 mm-dir.
Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 20 mmx10 mm ölçülü qəlib əlavə olunur.