CƏMİYYƏT
Polisin keçirdiyi əməliyyat nəticəsində iki kiloqrama yaxın tiryək götürülüb
Bakı, 18 avqust, AZƏRTAC
Respublika daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, həmçinin yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Füzuli Həsənovdan və əvvəllər məhkum olunmuş Sabit Babayevdən 1 kiloqram 900 qram tiryək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseyn Mirzəyevdən 22,730 qram metamfetamin həbləri götürülüb. Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı isə 225 qram marixuana aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Axısxa kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 512 kiloqram olan 483 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.