İQTİSADİYYAT
Polşa müəssisələri Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərir
Varşava, 23 may, Laçın Sultanova, AZƏRTAC
Polşa müəssisələri Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər. Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski iyulun ilk günlərində Azərbaycanda səfərdə olacaq. Ümidvarıq ki, səfər zamanı səmərəli danışıqlar aparılacaq, yeni ideyalar yaranacaq.
AZƏRTAC-ın Varşavaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin iqtisadi inkişaf departamentinin nümayəndəsi Pavel Qebski azərbaycanlı jurnalistlərlə görüşdə məlumat verib.
Polşa müəssisələri, o cümlədən “LOTOS” şirkəti Azərbaycanın neft emalı sektorunun qurulmasında iştirak etmək istəyirlər.
Polşa XİN-in nümayəndəsinin sözlərinə görə, 2014-cü ildə Polşanın dünya ölkələri ilə əmtəə dövriyyəsinin həcmi 219 milyard dollar təşkil edib. Həmin həcmin 77 faizi Avropa İttifaqı ölkələrinin, 7,9 faizi MDB ölkələrinin payına düşüb.
P.Qebski bildirib ki, Azərbaycan ilə əmtəə dövriyyəsinin həcmi 2013-cü illə müqayisədə 2014-cü ildə 10 milyon dollar artaraq, 140 milyon dollar təşkil edib. Azərbaycan həmin göstərici üzrə MDB ölkələri arasında liderdir.
Pavel Qebski Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlığın inkişafı üçün ərzaq və kənd təsərrüfatı sahəsində yaxşı perspektivlər görür.