MƏDƏNİYYƏT
Polşada “Azərbaycan gecəsi” keçiriləcəkdir
Bakı, 3 sentyabr (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvlərindən ibarət nümayəndə heyəti sentyabrın 5-dən 12-dək Polşanın Krakov şəhərində beynəlxalq “Gəncliyə çağırış” (“Youth challanged”) layihəsində iştirak edəcəkdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin nümayəndə heyətinin tərkibinə Azərbaycan Texniki, Bakı Slavyan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetlərinin tələbələri daxildirlər.
Layihədə Almaniya, İtaliya, Polşa, Belarus, Malta və Gürcüstan da təmsil olunacaqdır.
Beynəlxalq tədbirdə iştirakçılar ətraf mühit məsələləri və iqlim dəyişikliyi, yoxsulluq və sosial təcrid, mədəniyyətlərarası dialoq, nəsillərarası həmrəylik, gender problemi və digər qlobal məsələlər ətrafında müzakirələr aparacaqlar.
Nümayəndə heyətimiz layihə çərçivəsində “Azərbaycan gecəsi” təşkil edəcəkdir. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti iştirakçı ölkələrə təqdim olunacaqdır.
Sonda layihə iştirakçılarına “Youthpass” sertifikatları veriləcəkdir.