SİYASƏT
Polşada Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynamış Vitold Zqlenitskinin xatirə lövhəsinin açılışı olmuşdur
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 illiyi və bərpasının 20-ci ildönümü ilə əlaqədar Mazovetsk voyevodluğunun Varşava yaxınlığındakı Serotsk şəhərində XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynamış Vitold Zqlenitskinin adını daşıyan məktəbdə diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə xatirə lövhəsi açılmışdır.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Həsən Həsənov mərasimdə çıxış edərək ölkələrimiz arasında əlaqələr, Azərbaycanın tarixində polyak izləri barədə ətraflı məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, Vitold Zqlenitski adına orta məktəb Azərbaycanın Polşadakı kiçik nümayəndəliyidir.
Serotsk şəhərinin meri Silvester Sokolnitski Azərbaycan-Polşa əlaqələrinin əhəmiyyətindən, Vitold Zqlenitskinin Azərbaycandakı fəaliyyətindən danışaraq hər iki ölkənin dostluq əlaqələrinin vacibliyini vurğulamışdır.
Xatirə lövhəsinin açılışından sonra H.Həsənov məktəbi dəqiq elmlər fənlərindən əla qiymətlərlə bitirmiş şagirdə fərqlənmə diplomunu və nişanı təqdim etmişdir.