DÜNYA
Portuqaliyada "Uber" taksi xidmətini cəmiyyət üçün təhlükə hesab edirlər
Lissabon, 11 sentyabr, AZƏRTAC
Bir çox ölkələrdə olduğu kimi, Portuqaliyada da "Uber" taksi xidmətinin peyda olması narazılıq doğurub. Portuqaliyanın Avtomobil Nəqliyyatı Təşkilatı "Uber" xidmətinin cəmiyyət üçün risklərinə dair hesabat dərc edib.
Hesabatda deyilir ki, ənənəvi taksilərdən fərqli olaraq, "Uber"lə hərəkət edən sərnişinlər özlərini riskə məruz qoyurlar. Onlar sürücünün həqiqətən də müvafiq tələblərə cavab verdiyinə, avtomobilin texniki cəhətdən qüsurlu olmadığına əmin deyillər. Yolda baş verə biləcək hadisələrdən sığortalanmayıblar.
Təşkilat "Uber" xidmətində çalışan insanların da hüquqlarının pozulduğunu deyir. Hesabatda bildirilir ki, bu sürücülərin ödənilən əmək məzuniyyəti, istirahət günü yoxdur. "Uber" Platforması qiymətləri özü diktə edir və əmək qanunvericiliyinin tələblərini yerinə yetirmir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon