İDMAN
Pretoriyada Cənubi Afrika Respublikası və Azərbaycan kikboksinqçiləri arasında turnir keçiriləcəkdir
Bakı, 26 avqust (AZƏRTAC). Avqustun 30-da Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyada Azərbaycanın bu ölkədəki səfirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və yerli Həvəskar Kikboksinq Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş turnir keçiriləcəkdir.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, ilk dəfə keçirilən turnirdə hər iki ölkədən 20 idmançının iştirakı ilə müxtəlif çəki dərəcələrdə lou-kik və K-1 üsulu üzrə 10 döyüşün keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirə Pretoriyada akkreditə edilmiş diplomatik nümayəndələrin rəhbərləri, CAR-ın məşhur idmançıları və idman sahəsində görkəmli şəxslər, dövlət məmurları və parlament üzvləri dəvət edilmişdir.
Tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevə, Azərbaycana və turnirə həsr edilmiş proqram materialları paylanacaqdır. Turnir yerli televiziya kanalları və mətbuat tərəfindən işıqlandırılacaqdır.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin rəhbərlik etdiyi heyət avqustun 28-dən sentyabrın 2-dək CAR-da olacaqdır. Turnirlə bərabər, bir neçə yerli klubda ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
Turnirin keçirilməsinə Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycanın Afrika Dostları Təşkilatının yerli Paramount şirkəti də dəstək verir.