DÜNYA
Prezident Besesku Rumıniyada “Daha yaxşı Macarıstan uğrunda” macar partiyasının fəaliyyətinin qadağan olunmasını tələb etmişdir
Berlin, 12 mart (AZƏRTAC). Rumıniya Prezidenti Trayan Besesku “Daha yaxşı Macarıstan uğrunda” macar partiyasının fəaliyyətinin Rumıniyanın bütün ərazisində qanunvericiliklə qadağan olunmasını ölkə parlamentinin üzvlərindən tələb etmişdir.
T.Besesku demişdir: “Daha yaxşı Macarıstan uğrunda” macar partiyası nümayəndələrinin iştirak etdikləri Tırqu-Mureş şəhərində keçirilmiş dünənki nümayişlərdən sonra düşünürəm ki, Rumıniyanın bütün ərazisində bu partiyanın fəaliyyətini qadağan etmək vaxtı gəlib çatmışdır. Mən Rumıniya parlamentindən bu barədə müvafiq qanun qəbul olunmasını tələb edirəm”.
O xüsusi qeyd etmişdir ki, bu siyasi qüvvənin fəaliyyətinin qadağan olunması məsələsi Ali Müdafiə Şurasının növbəti iclasında da müzakirə olunacaqdır, belə ki, azadlıq, demokratiya və sərbəst hərəkət etmək hüququ, Beseskunun sözlərinə görə, “Daha yaxşı Macarıstan uğrunda” macar partiyasının ekstremist çağırışları ilə bir araya sığmaz.
Bu ərəfədə Transilvaniyadakı Tırqu-Mureş şəhərində Rumıniyada yaşayan macarların icazəsiz aksiyası keçirilmişdir. Bu aksiyada “Daha yaxşı Macarıstan uğrunda” macar partiyasının rəhbəri Vona Qabor da iştirak etmişdir. O, açıq-aşkar Rumıniya hökumətindən bu ölkədə yaşayan macarlara ərazi muxtariyyəti verilməsini tələb etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin