SİYASƏT
Prezident: Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışında bildirib ki, beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu mənada aşağıdakı təklifləri irəli sürüb:
- Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.
- Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.
- Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.
- Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.
- Müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır.