“PREZİDENT İLHAM ƏLİYEV”
“CBS Polygraphic Produktion” nəşriyyatında yenicə çapdan çıxmış “Prezident İlham Əliyev” kitabı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətindən götürülmüş bu sözlərlə başlayır:
“İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev, elmi redaktoru və “Ön söz”ün müəllifi Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru Teymur Əhmədov, qəzetin əməkdaşları Hümmət Musayev və Elman Qədirlidir. AZƏRTAC-ın və “Respublika” qəzetinin materialları əsasında hazırlanmış kitabda ötən bir il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, onun Azərbaycanın regionlarına və xarici dövlətlərə rəsmi səfərləri, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri, nitq və çıxışları xronoloji ardıcıllıqla öz əksini tapmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 1 oktyabr tarixli müraciəti ilə başlanan bu nəfis tərtibatlı, fotoşəkillərlə zəngin kitabda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 28 oktyabr tarixli qərarı, Prezident İlham Əliyevin andiçmə mərasimində, Nazirlər Kabinetinin ilk iclasında, müxtəlif sammit, konfrans, forum, mərasim və beynəlxalq görüşlərdə söylədiyi nitqlər, onun KİV-lərə verdiyi müsahibələr, il ərzində sosial-iqtisadi inkişafla bağlı imzaladığı fərmanlar toplanmışdır. Oxuculara kitab boyu dövlət başçılarının və tanınmış ictimai-siyasi xadimlərin Azərbaycan Respublikasının Prezidenti haqqında söylədikləri xoş sözlər, əsas mətnlərin kənarında isə “Xronika” rubrikası altında onun fəaliyyətini xronoloji ardıcıllıqla əks etdirən qısa xəbərlər təqdim olunmuşdur.
Kitabda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin AZƏRTAC-ın müxbirinə verdiyi “İlham Əliyevin prezident seçilməsi Azərbaycan xalqının siyasi şüurunun yüksək olduğunu bir daha sübut etdi” adlı müsahibəsi də dərc edilmişdir.
Nəşrdə təqdim olunan materiallar ötən bir ildə Azərbaycanda gedən sosial-iqtisadi proseslər, xarici siyasət sahəsindəki məqsədyönlü fəaliyyət barədə oxucuda dolğun təsəvvür yaradır və sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi vədə, “Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədinə sadiqdir və bu siyasəti inamla və uğurla həyata keçirməkdədir.