SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan Avropa Olimpiya Oyunlarını Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəkdir
Bakı, 16 yanvar (AZƏRTAC). Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, bu, çox ciddi hadisə, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürü, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Bunun Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsi olduğunu deyən Prezident İlham Əliyev vurğulamışdır ki, bu, böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.
Yaxın günlərdə təşkilat komitəsinin yaradılması ilə bağlı qərarın veriləcəyini bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, işlər dərhal başlanmalıdır. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidir. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm - bütün sahələr cəlb edilməlidir. Prezident İlham Əliyev vurğulamışdır: “Biz bir daha dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”.