SİYASƏT
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Polşa Xəbər Agentliyi (PAP) arasında qarşılıqlı xəbər mübadiləsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalamışdır
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Prezident İlham Əliyev cari il aprelin 25-də Varşavada imzalanmış “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Polşa Xəbər Agentliyi (PAP) arasında qarşılıqlı xəbər mübadiləsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalamışdır.
Sənədə əsasən, AZƏRTAC ilə PAP informasiya mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.
Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional alyanslar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Anlaşma Memorandumu dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.