SİYASƏT
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİNİN (AZƏRTAC-IN) FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAMIŞDIR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalamışdır.
Azərbaycan Respublikası haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş vermiş hadisələr barədə ictimaiyyətimizin dolğun məlumatlandırılmasında AZƏRTAC-ın xüsusi əhəmiyyəti nəzərə alınaraq imzalanmış Sərəncama əsasən, agentliyin xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırılacaqdır. Bundan başqa, AZƏRTAC-da Multimedia və video xidməti yaradılacaq, agentliyin alman, fransız və ərəb dillərində xəbərlər buraxılışları təmin ediləcəkdir.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılmışdır ki, iki ay müddətində xaricdə yaradılacaq müxbir məntəqələrinin, Multimedia və video xidmətinin fəaliyyətinin, həmçinin xarici dillərdə xəbər buraxılışlarının təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etsin, AZƏRTAC-ın işçilərinin say həddini təsdiq etsin, agentliyin yeni inzibati binasının tikintisi məqsədi ilə müvafiq torpaq sahəsinin ayrılması üçün zəruri tədbirlər görsün, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.