SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır
Bakı, 16 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulamışdır ki, Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Yəni, Azərbaycan bu baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edir. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək və irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. Əlbəttə bu, Azərbaycanın həm iqtisadi, həm siyasi çəkisini artıracaqdır. Mən buna çalışıram.
Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan istənilən sahədə doğrudan da çox ciddi beynəlxalq oyunçuya çevrilmişdir.