REGİONLAR
Prezident İlham Əliyev: Bütün işlərdə şəffaflıq olmalıdır
Bakı, 29 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib: “Torpaqların elektron uçot sistemi məsələsi var, - bu məsələ ilə bağlı mən öz fikirlərimi keçən il demişəm. Bu, torpaqlardan səmərəli istifadə etmək üçün əsas şərtdir. Biz bilməliyik ki, harada, nə qədər, hansı keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş ölkələrində çoxdan həll olunub”.
“Bizim indi belə gözəl imkanımız var”,- deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, “Azersky” ikinci peykimizdir. Bu peykin üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir. Yəni, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu imkanlardan istifadə etməlidir. Bu, sizə əlavə bir dəstək olacaq. O peykdən bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir. Bu tövsiyələr verilməlidir. Elektron uçot sistemi budur.
Azərbaycan Prezidenti deyib ki, ümumiyyətlə, “elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görülməlidir. Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.