SİYASƏT
Prezident İlham Əliyev: İnkişaf templərinə görə Azərbaycan dünyada lider ölkədir
Bakı, 31 may (AZƏRTAC). Bu gün Azərbaycanın hər bir yerində quruculuq, abadlıq işləri gedir. Ölkəmiz inkişaf edir. İnkişaf templərinə görə Azərbaycan dünyada lider ölkədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan-Culfa magistral yolunun açılış mərasimində demişdir.
Avropada maliyyə və iqtisadi böhranın davam etdiyini qeyd edən dövlətimizin başçısı vurğulamışdır ki, Azərbaycanda bu böhranın əsər-əlaməti yoxdur. Böhranın ən ağır aylarında, illərində belə Azərbaycan inkişaf edibdir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqlərini qaldırırlar. İqtisadi inkişaf sürətlidir. Qeyri-neft sektorunun inkişafı böyük rəqəmlərlə ölçülür. İlin birinci rübündə qeyri-neft sənayemiz 16 faizdən çox artmışdır. Bu, onu göstərir ki, şaxələndirmə siyasəti öz məntiqi nəticələrini verməkdədir.
Bundan sonrakı illərdə də Azərbaycanın yalnız və yalnız inkişaf yolu ilə gedəcəyini deyən Prezident İlham Əliyev bildirmişdir ki, biz son səkkiz il ərzində ümumi daxili məhsulumuzu üç dəfə artıra bilmişik. Növbəti on il ərzində daha iki dəfə artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun hesabına. Buna nail olmaq üçün hazırda böyük proqramlar hazırlanır. Bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və bütün bölgələrdə inkişaf, quruculuq, abadlıq işləri aparılır.