Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “BOS Şelf” şirkətinin baş direktoru İxtiyar Axundov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, “Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Dövlətimizin başçısı dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı.

Qeyd edək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

Dayaq bloku ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

-Cənab Prezident, bu gün “Qarabağ” yatağının dayaq bloku dənizə yola salınır. Bu mühüm hadisənin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq.

1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir.

Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.

-Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-texnoloji xarakteristikalarının önəmini necə qiymətləndirirsiniz?

-Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.

Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.

-Bəs “Qarabağ” yatağından hasilat nə vaxt gözlənilir?

-Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır.

-Hazırda Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların icra vəziyyəti hansı səviyyədədir?

-Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.

Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.

Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.

“Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır.

Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin.

Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür.

Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır.

-Cənab Prezident, bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Bununla bağlı fikirlərinizi bölüşməyi xahiş edərdik.

- Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünki bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidlərimizi doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi - AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

-Çox sağ olun, cənab Prezident. Minnətdarıq.

-Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib YENİLƏNİB 2  VİDEO

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir