MƏDƏNİYYƏT
“Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyi çapdan çıxmışdır
Bakı, 11 oktyabr (AZƏRTAC). “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Şadam ki, bu Forum ikinci dəfə Bakıda keçirilir. Yadımdadır, iki il bundan əvvəl birinci Forumun keçirilməsi zamanı mən belə bir fikir irəli sürmüşdüm ki, yaxşı olar bu Forum ənənəvi olsun...
Əslində bu Forumun keçirilməsi “Bakı prosesi”nin təzahürüdür. “Bakı prosesi” 2008-ci ildə başlamışdır. Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulmuşlar. Yəni Bakı, əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir...
Artıq “Bakı prosesi” inkişaf edir və əminəm ki, bu Forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcəkdir”.
AZƏRTAC xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış - “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyinin birinci cildindən – dövlətimizin başçısının 2013-cü il mayın 30-da Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışından götürülmüşdür.
Nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətlə nəşr olunmuş “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) birgə layihəsi əsasında ərsəyə gəlmişdir.
Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
İkicildlikdə də qeyd olunduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin 2008-2013-cü illərdə fəaliyyəti dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklər baş vermiş, böyük yüksəliş və nailiyyətlər qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərmiş, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri edən etmişdir.
Ümumilikdə 951 səhifədən ibarət olan “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyində dövlətimizin başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanmışdır.
“Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyinin I cildinə Azərbaycan Respublikası Prezidentinin bu illər ərzində ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, hörmətini və sonsuz qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri və digər materiallar daxil edilmişdir. Bu cilddə, həmçinin Prezident İlham Əliyevin ölkənin müxtəlif guşələrində mədəniyyət obyektlərinin bünövrəsinin qoyulmasında və açılışında iştirakından bəhs edən geniş materiallar əksini tapmışdır.
Nəşrin II cildi isə 623 səhifədən ibarətdir və burada Azərbaycan dövlətinin başçısının müvafiq son beş ildə mədəniyyət sahəsi ilə bağlı imzaladığı qanun, fərman və sərəncamlar yer almışdır.
“Şərq-Qərb” nəşriyyat evi tərəfindən buraxılmış bu sanballı kitablar Azərbaycanın mədəniyyət tarixini, eləcə də respublikamızda mədəniyyət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün zəngin məlumat mənbəyidir.