SİYASƏT
Prezident İlham Əliyevin Sərəncamı ilə Alpout-Mustafaağalı- Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisi üçün dörd milyon manat vəsait ayrılmışdır
Bakı, 18 iyul (AZƏRTAC). İyulun 18-də Prezident İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən, rayon ərazisində 24 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin dörd milyon manatı Bərdə Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılmışdır.