PREZİDENT NURSULTAN NAZARBAYEVİN BƏYANATI
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün mənim dəvətimlə rəsmi səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevi böyük məmnuniyyətlə salamladım. Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə, dinamik şəkildə inkişaf edir. Hökumətlərarası komissiya yaradılmışdır, nazirlərimizin, müxtəlif strukturların rəhbərlərinin səfərləri, əslində, mütəmadi xarakter almışdır. Qazaxıstanın Baş naziri Kərim Məsimov bu ilin aprelində Bakıda olmuşdur. Azərbaycanın müvafiq nazirlik və idarələrinin rəhbərləri daim Qazaxıstana gəlir və biz ölkələrimiz arasında bir çox mühüm, qarşılıqlı surətdə faydalı məsələləri həll edirik.
Biz Xəzər dənizi vasitəsilə qonşuyuq, qardaş ölkələrik və qarşılıqlı münasibətlərimizdə həll olunmamış heç bir problem yoxdur. Bir-birimizə qarşı marağımız çox böyükdür. Qazaxıstan istəyir ki, Xəzər və Qafqaz dəhlizi vasitəsilə Qara dənizə və Avropaya təkcə neft və qaz deyil, həm də quru yüklər çıxarsın. Bu il Bakıda taxıl terminalı tikmişik. Bu, Qazaxıstan taxılını dünya bazarlarına çıxarmağa imkan verəcəkdir.
Biz razılığa gəlmişik ki, nazirlik və idarələrimiz, müvafiq şirkətlərimiz, əlbəttə, energetika sahəsində, habelə Qazaxıstanın qərb bölgələrinə meyvə-tərəvəz göndərilməsi, iritonnajlı neft tankerlərinin tikintisi, - Bakıda bu sahədə mütəxəssislər var, - istiqamətində birgə qarşılıqlı faydalı işə qoşulsunlar. Azərbaycanın neft, qaz maşınqayırması sahəsində böyük təcrübəsi var. Yəni bütün istiqamətlərdə, o cümlədən qarşılıqlı mədəni münasibətlər sahəsində mövcud məsələləri müzakirə etdik.
Bu gün nazirlik və idarələrimiz münasibətlərimizi yeni zirvəyə qaldıran 5 sənəd imzaladılar. Ticarətin 300 milyon dollar həcmi bizi təmin etmir və mən əminəm ki, hökumətlərarası komissiyanın nəzərdə tutulan planları həyata keçirməsi yaxın vaxtlarda ticarəti genişləndirəcəkdir. Biz onun həcmini ilk vaxtlarda 1 milyard ABŞ dollarına çatdırmaq vəzifəsini qarşıya qoymuşuq. Əminəm ki, gələcəkdə bu rəqəm dəfələrlə çox olacaqdır, çünki bu nəqliyyat dəhlizi Qazaxıstan üçün olduqca vacibdir. Lakin Qazaxıstan da Orta Asiya, Çin, Rusiyanın şərq hissəsi, Ural və Sibir istiqamətində Azərbaycan üçün tranzit ərazidir.
Danışıqlarımız tam qarşılıqlı anlaşma, etimad şəraitində keçmişdir və əminəm ki, ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri möhkəmlənəcəkdir.