SİYASƏT
Prezident Şimon Peres: İsrail Azərbaycanla dostluğu yüksək qiymətləndirir
Bakı, 7 iyun (AZƏRTAC). İsrail Azərbaycanla hələ xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu bünövrə üzərində qurulmuş dostluğu yüksək qiymətləndirir.
AZƏRTAC “İzrus” portalına istinadla xəbər verir ki, bu fikri İsrail Prezidenti Şimon Peres Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimovla görüşündə səsləndirmişdir.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının II qurultayında iştirak etmək üçün İsrailə gəlmiş N.İbrahimov Prezident Şimon Pereslə görüşü zamanı ona əllə toxunmuş çox gözəl xalça bağışlamış və ümidvar olduğunu bildirmişdir ki, bu hədiyyə ona Azərbaycanın gözəlliyini xatırladacaqdır.
Görüşdə bu yaxınlarda Bakıda rəsmi səfərdə olmuş Knessetin deputatı Faina Kirşenbaum iştirak etmişdir.
Qeyd edək ki, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının II qurultayı İsrailin xarici işlər naziri Aviqdor Libermanın və ölkənin digər rəsmi şəxslərinin iştirakı ilə Təl-Əvivdə keçirilir. Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatları Yevda Abramov, Asim Mollazadə və Fərəc Quliyev daxildir.