PREZİDENTLƏRİN BİRGƏ BRİFİNQİ
Yanvarın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və İran Prezidentləri brifinq keçirərək, jurnalistlərin suallarına cavab vermişlər.
SUAL: Mənim sualım cənab İlham Əliyevədir. Cənab Prezident, Sizin bu səfərinizin məqsədi nədən ibarətdir? İkincisi, Azərbaycan-İran münasibətlərinin inkişafını necə qiymətləndirirsiniz və bundan razısınızmı? Ümumiyyətlə, Azərbaycan-İran münasibətlərinin gələcəyini necə görürsünüz?
İLHAM ƏLİYEV: Səfərin məqsədi bizim ölkələrimiz arasında əldə edilmiş bütün nəticələri davam etdirmək, inkişaf etdirmək, İranla Azərbaycan arasında olan əməkdaşlığı bütün sahələrdə gücləndirməkdir.
İki ölkə arasında imzalanmış çoxlu sənədlər var. Bu sənədlər uğurla icra edilir. Xüsusilə İran İslam Respublikasının Prezidenti cənab Xatəminin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış bütün sənədlər həyatda öz əksini tapır. Bu, onu göstərir ki, bizim aramızda səmimi münasibətlər, əməkdaşlıq var. Mən şübhə etmirəm ki, indiki səfərdən sonra bu əməkdaşlıq daha da güclənəcəkdir.
İkinci suala gəldikdə, deyə bilərəm ki, İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir və bu, bizim milli maraqlarımıza cavab verir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda çox gözəl əməkdaşlıq var və qarşılıqlı səfərlər - prezidentlər səviyyəsində, nazirlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində keçirilən səfərlər bizi daha da yaxınlaşdırır. Gələcək əməkdaşlığın güclənməsi üçün güclü potensial mövcuddur. Biz də gərək bu potensialdan səmərəli istifadə edək.
SUAL: Mənim ağayi Xatəmiyə sualım var. Birinci sualım budur ki, Azərbaycan cəmiyyətində belə bir fikir var ki, əgər İran istəsə, Dağlıq Qarabağ probleminin həllinə daha çox kömək edə bilər. Sizcə Azərbaycan cəmiyyətində İranın bu imkanları şişirdilib, yoxsa, doğrudan da, İranın belə imkanları var və nələri edə bilər?
CAVAB: Təşəkkür edirəm. Əvvəla, hörmətli cənab İlham Əliyev və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə “Xoş gəlmisiniz!” deyirəm. Həmçinin cənab Prezidenti müşayiət edən media nümayəndələrinə də “Xoş gəldiniz!” deyirəm. Bir daha onu təkidlə qeyd etmək istərdim ki, Azərbaycanla İran arasında bu cür münasibətlər - dostluq, qardaşlıq münasibətləri günbəgün inkişaf edir və dərinləşir.
Qarabağ məsələsinə gəldikdə isə, deyə bilərəm ki, bununla bağlı bizim mövqeyimiz aydındır. Biz çox azsaylı ölkələrdən biriyik ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini tamamilə dəstəkləyirik. Azərbaycanın ərazi bütövlüyünü və həmin ərazidə hakimiyyətini dəstəkləyirik. Biz dəfələrlə qeyd etmişik ki, məsələni zor gücü ilə həll etmək mümkün deyil, bu, düzgün yol deyildir. Məsələni danışıq, məntiq və ağılla həll etmək yolu daha üstün yoldur. Biz belə hesab edirik ki, əgər əlaqədar dövlətlər bu məsələyə ciddi yanaşsalar, problem daha da tezliklə həll oluna bilər. Bizim hər iki ölkə ilə münasibətlərimiz var. Amma heç vaxt razı olmarıq və yol vermərik ki, Azərbaycanın mənafeyinə zərrə qədər zərər gətirilsin. İstərdik ki, bu məsələ tezliklə həll olunsun və biz əlimizdən gələni etməyə hazırıq. Ümidvaram ki, bu məsələ tezliklə həll olunacaqdır.
SUAL: Cənab Xatəmi, İraq hadisələrini çıxsaq, Azərbaycan ikinci yeganə müsəlman ölkəsidir ki, ərazisi işğal olunmuşdur. İran Fələstin probleminin həllində çox kəskin mövqe tutur. Hətta İsraillə əməkdaşlıqdan da çəkinir. Amma bu da var ki, Azərbaycanın 20 faiz torpağını işğal etmiş Ermənistanın bu gün qeyri-konstruktiv bir mövqe tutmasında İranla geniş əməkdaşlığının olması da rol oynayır. Bu istiqamətdə azərbaycanlılar İrandan nə gözləyə bilər? Sizin təzyiq imkanlarınız çoxdur?
CAVAB: Azərbaycanlılar və onların fikri, düşüncəsi bizim üçün çox əzizdir, dəyərlidir. İşğalın kim tərəfindən törədilməsindən asılı olmayaraq, biz onu tənqid edirik. Biz bu məsələyə bir fərqlə yanaşırıq və belə hesab edirik ki, İsrail Fələstin ərazisini tamamilə işğal edibdir. Amma Ermənistan məsələsinə gəldikdə isə, demək olmaz ki, Ermənistan böyük bir ölkənin ərazisini tamamilə işğal edibdir. Biz, ümumiyyətlə, işğalçılığı pisləyirik. Əgər bir ölkə, bir dövlət başqa bir dövlətin bircə qarış da torpağını işğal edibsə, biz onu pisləyirik. Dünya birliyi, dünya ictimaiyyəti də buna daha diqqətlə yanaşmalıdır.