MƏDƏNİYYƏT
Prodüserlər Gildiyasının “Geniş baxış-2” ssenari müsabiqəsinin birinci mərhələsi başa çatmışdır
Bakı, 30 may (AZƏRTAC). Azərbaycan Prodüserlər Gildiyasının “Geniş baxış-2” ssenari müsabiqəsinin birinci mərhələsi başa çatmışdır.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin şərtlərinə uyğun olaraq, aprelin 1-dən mayın 15-dək 70-dən çox sinopsis və ssenari Prodüserlər Gildiyasına təqdim edilmişdir.
Prodüserlər Gildiyası üzvlərinin keçirdikləri səsverməyə əsasən, müsabiqənin ikinci mərhələsi üçün üç ssenari qalib elan edilmişdir.
Gildiya üzvləri seçim zamanı daha çox geniş tamaşaçı auditoriyasının marağını çəkən, kommersiya xarakterli sinopsis və ssenarilərə üstünlük vermişlər.
Qeyd edək ki, müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə ən çox səstoplayan “İbişin tankı”, “Köşk” və “Tənha ürəklərin tanqosu” sinopsisləridir.
“Geniş baxış-2” müsabiqəsinin şərtlərinə uyğun olaraq qalib gəlmiş 3 sinopsisin ssenari nümunəsi Azərbaycan Prodüserlər Gildiyasına təqdim olunacaqdır. Qaliblərin adları sentyabrın 1-də “Azərbaycanfilm” Kinostudiyasının “azerbaijanfilm.az” rəsmi internet səhifəsində və “Mədəniyyət” qəzetində açıqlanacaqdır.
Qalib ssenarilər əsasında bədii film istehsalata buraxılacaqdır.