SİYASƏT
Professor Nərgiz Paşayeva: İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir
London, 7 dekabr (AZƏRTAC). İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir.
Bu sözləri Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilən ənənəvi illik tədbirdə iştirak edən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva AZƏRTAC-a müsahibəsində demişdir.
Nərgiz Paşayeva bildirmişdir ki, cəmiyyətə xidmət, insanların rifahı və əmin-amanlığı bütün ölkələr üçün vacibdir və bu prinsip İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədlərindəndir. Cəmiyyət həmişə olduğu kimi, gələcəkdə də ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına xidmət edəcəkdir.
Professor vurğulamışdır ki, İngiltərə-Azərbaycan Cəmiyyəti Britaniyada və Azərbaycanda vətəndaş cəmiyyətlərinin daha da yaxınlaşmasına xidmət edir.
Cəmiyyətin geniş əlaqələrindən bəhs edən Nərgiz Paşayeva, ölkəmizdə və Birləşmiş Krallıqda xüsusilə dövlət və hökumət qurumları ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdırmışdır.
Həmsədri olduğu təşkilatın həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verən professor Nərgiz Paşayeva, gələcəkdə də uğurla fəaliyyət göstərəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Professor Nərgiz Paşayeva Britaniyanın ənənələrə sadiq ölkə olduğunu, İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən keçirilən xeyirxah tədbirlərin davam edəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin idarə heyətinin üzvləri, Britaniyanın İcmalar Palatasının və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London