CƏMİYYƏT
Prokurorluq əməkdaşlarının cinayət təqibindən kənar icraatlar sahəsində təcrübəni öyrənmələri üçün növbəti seminar keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Cəmiyyətdə aktuallığı ilə seçilən hüquqpozmaların qarşısının alınması, prokurorluq əməkdaşlarının peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədilə sistematik nəzəri-praktiki təlimlərin təşkili davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq işçilərinin təliminə yönəlmiş bu seminarlarda ekoloji, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların, ağır nəticələrə səbəb olan əmək hüquqlarının pozulması hallarının araşdırılması, azyaşlıların hüquqlarının müdafiə edilməsi kimi məsələlərə önəm verilir.
Həftə ərzində səlahiyyətli dövlət qurumlarının verdiyi məlumatlara əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının cinayət təqibindən kənar icraatlar üzrə köməkçiləri cəlb edilməklə respublikanın 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırmalar aparılır.
Görülmüş işlərin xüsusiyyətləri və nəticələri, ən əsası isə ekoloji hüquqpozmaların aşkarlanması, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı fevralın 25-də Sabirabad Rayon Prokurorluğunda seminar keçirilib.
Seminarda Sabirabad, Saatlı, Salyan, Beyləqan, İmişli və Hacıqabul Rayon, həmçinin Şirvan Şəhər prokurorluqlarının əməkdaşları iştirak ediblər.
Bu, respublikanın şimal, şimal-qərb və cənub rayonlarında keçirilmiş seminarlardan sonra sayca dördüncü tədbirdir.
Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.