CƏMİYYƏT
Psixoloji terapiya ilə hidrofobiyanı dəf etmək olar
Bakı, 19 iyul, AZƏRTAC
İsti yay günlərini çox vaxt dənizdə və ya hovuzda keçirməyi üstün tutanların sayı çoxdur. Ancaq hava nə qədər isti olsa da, bəzən suya girməkdən qorxanlar da olur. Hidrofobiyadan əziyyət çəkənlər dənizdə və ya ümumiyyətlə, su hövzəsi olan yerlərdə həyəcan keçirirlər. Onlar su ilə təmasdan qaçır, çox tez panikaya düşürlər.
AZƏRTAC xəbər verir ki, psixoloq Kamilə Kazımovanın dediyinə görə, qorxu hissinin yaranmasının müxtəlif səbəbləri var: “Hidrofobiya psixoloji travmalardan da yarana bilər. Nə vaxtsa hovuzda və çimərlikdə yaşanan hər hansı bir problemdən, dənizdə və axan çayda kiminsə boğulmasından, yaxud uşaqlıqda onun şüuraltında qalan hansısa hadisədən yarana bilər. Belə olan halda başqa terapiyalardan istifadə olunur”.
Bəzi hidrofoblar su içməkdən, hətta duş qəbul etməkdən də ehtiyat edirlər. Psixoloji terapiya ilə düzgün düşünmə qabiliyyəti yaradaraq həmin qorxunu dəf etmək mümkündür: “Müalicə adətən 8-12 seansdan ibarət olur. Məsələn, art-terapiyadan, rəsm çəkməkdən də istifadə oluna bilər. Şəkil çəkərək fobiyanın üstünə getmək, su ilə əlaqədar müəyyən söhbətlər aparmaq da səmərəli nəticələr verir”.
İnsan öz qorxuları ilə üzləşməyi bacarsa, fobiyalara qalib gələ bilər. Xüsusi olaraq yüksək bərpa dərəcələrinə malik olan şüuraltı davranış hidrofobiyanın müalicəsində ən yaxşı müdaxilə kimi qəbul edilir.