ELM VƏ TƏHSİL
Psixometriya üzrə elmi-metodiki seminarda açıq tipli test tapşırıqları təhlil edilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Psixometriya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminar 2012-2013-cü tədris ili üçün magistraturaya qəbul imtahanında istifadə olunmuş məntiqi təfəkkürü yoxlayan açıq tipli test tapşırıqlarının elmi-metodiki və statistik təhlilinə həsr olunmuşdur. A variantında təqdim olunmuş açıq tipli test tapşırıqları üzrə statistik göstəricilərə baxılmışdır. Eyni zamanda, bakalavrların cavablandırmaqda çətinlik çəkdikləri və düzgün cavablandırma göstəricisi aşağı olan test tapşırıqlarının müzakirəsi aparılmışdır.
İmtahan nəticələrinin statistik təhlili göstərmişdir ki, ötən ildə olduğu kimi, bu il də açıq tipli test tapşırıqlarının cavablandırılma faizi çoxvariantlı tapşırıqlardan əhəmiyyətli dərəcədə fərqlənir. Tapşırıqlarda cavab variantlarının təqdim edilməməsi onun təsadüfən düzgün cavablandırılması hallarını istisna edir. Bu baxımdan açıq tipli test tapşırıqlarının üstün cəhətləri vurğulanmış, iştirakçılar tərəfindən rəy və təkliflər bildirilmişdir.
Ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanında istifadə olunmuş məntiqi təfəkkürü yoxlayan test tapşırıqlarının elmi-metodiki və statistik təhlili növbəti seminarda da davam etdiriləcəkdir.