DÜNYA
Psixoterapevtlər yataq otağına televizor qoyulmasının zərərini izah etmişlər
Bakı, 16 yanvar (AZƏRTAC). Psixoterapevtlər bir daha sübut etmişlər ki, yataq otağına televizor qoymaq olmaz. Belə ki, bilavasitə yatmazdan əvvəl televiziya verilişlərinə və filmlərə baxmaq yuxusuzluğa və xroniki xəstəliklərin inkişafına gətirib çıxarır. Amerika mütəxəssisləri təqribən 21 500 adamın iştirakı ilə tədqiqat aparmışlar. Kişilərin və qadınların böyük bir hissəsinin hər gün yatmazdan qabaq televizora baxması alimləri təəccübləndirmişdir. Hətta bir çoxları televizoru yanılı qoyub yuxuya gedirlər.
Könüllülərin kəllə beyninin müayinəsi göstərmişdir ki, televizora baxarkən beyin idmanla məşğuliyyət zamanı olduğu kimi fəal işləyir. Bu, yuxunun pozulmasına, xüsusən yuxusuzluğa səbəb olur.
Yuxu problemi isə öz növbəsində insanın immunitetini zəiflədir və xroniki xəstəliklərin inkişafına gətirib çıxarır.
Sağlamlıqla əlaqədar ciddi problemlərin meydana çıxmasına yol verməmək üçün mütəxəssislər televizoru yataq otağına qoymamağı, yatmazdan əvvəl verilişlərə və filmlərə baxmamağı məsləhət görürlər.