CƏMİYYƏT
Pulmonoloq: “buster” dozanı bir neçə gün tez vurdurmağın heç bir ziyanı yoxdur
Bakı, 31 yanvar, AZƏRTAC
Gözlənilən kimi yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı dünyada çox sürətlə yayılmaqdadır. Gündəlik yoluxanların sayının stabil olduğu ölkələrdə dəfələrlə çox yoluxma halları müşahidə olunur. Məsələn, bir neçə gün əvvəl Fransada antirekord qeydə alınıb. Belə ki, həmin ölkədə sutka ərzində 500 mindən çox insan COVID-19-a yoluxub. Rusiyada bir gün ərzində 124 mindən çox yoluxma faktı qeydə alınıb. Halbuki əvvəllər daha çox 30-35 min yoluxma olurdu. Amerikada milyondan çox yoluxma baş verib. Bunlar çox böyük rəqəmlərdir. Qonşu ölkələrdən Gürcüstanda bir gündə 25-30 min nəfər COVID-ə yoluxub. Ermənistanda vəziyyət stabil idi, son günlərdə yoluxma sayı 3 minə yaxındır. Gürcüstan və Ermənistanın əhalisi Azərbaycandan bir neçə dəfə azdır. Odur ki, Azərbaycanda bu rəqəmlərin çox böyük olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının terapiya şöbəsinin müdiri, pulmonoloq Ədalət Abdullayev deyib.
Pulmonoloq vəziyyətdən çıxış yolunu pandemiyanın əvvəllərindən tələb olunan qaydalara əməl etməkdə və “buster” doza ilə peyvəndlənməkdə görür. O, vaksinasiyanın geniş yayıldığı və əhalisinin əksəriyyətinin peyvəndə qarşı olduğu ölkələrdə sanitar-epidemioloji vəziyyəti müqayisə edərək deyib: “Fransada peyvənd əleyhinə çoxlu nümayişlər olur, əhali peyvənd olunmaqdan boyun qaçırır. Nəticədə həmin ölkədəki vəziyyət heç də ürəkaçan deyil. İspaniya, Portuqaliya və İtaliyada isə bu cür mənzərə qeydə alınmır. Çünki orada əhali peyvəndləmədə, o cümlədən “buster” dozanın qəbulunda aktiv iştirak edir. Biz də bu praktikadan istifadə edib xəstəliyin geniş yayılmasının qarşısını almalıyıq. Məsləhət görərdim ki, ikinci dozadan altı ay keçənlər “buster” dozanı mütləq vurdursunlar. Bu, xəstə sayının həddən ziyadə artımının qarşısını ala bilər. Lakin bir məsələni xüsusi qeyd etmək istərdim. Fevralın 15-dən tətbiq olunacaq məhdudiyyətləri nəzərə alaraq vətəndaşlar “buster” dozanı vurdurmaq üçün tibb məntəqələrinə vaxtında yaxınlaşsınlar. Əgər ikinci dozadan sonra altı ayın tamam olmasına sayılı günlər qalıbsa, son anı gözləməsinlər. Əks halda, yenidən tibb məntəqələrinin qarşısında sıxlıq və xoşagəlməz hallarla üzləşə bilərik. Qeyd etmək istərdim ki, bir çox inkişaf etmiş dövlətlərdə “buster” dozanı ikinci dozadan 3-4 aydan sonra vurdurmaq tövsiyə olunur. Digər tərəfdən bunu bizdən tələb edən epidemioloji vəziyyətdir. Ölkəmizdə gündəlik yoluxma sayları 5 minə yaxın olsa da, real rəqəmlər bundan bir neçə dəfə çoxdur. Bu da ona dəlalət edir ki, altı ayın tamam olacağı günü gözləmək lazım deyil. Bu, yoluxmaya gətirib çıxara bilər. “Omikron” ştamının tüğyan etdiyi vaxtda şahid oluruq ki, peyvənd vurduranlar arasında da virusa yoluxma halları müşahidə edilir. COVID-19 mutasiya olunub zəifləsə də, vaksinasiyadan keçməyənlər xəstəliyi digərlərinə nisbətən ağır keçirirlər. Avropanın bir sıra ölkələrində fevraldan etibarən bütün məhdudiyyətlər aradan qaldırılır. Çünki bu xəstəlik ambulator şəraitdə müalicə oluna bilir. Yəni peyvənd olunanlar xəstələnsə də, onu ağır keçirmirlər. Onların sağlamlığı və ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaranmır. Ölkəmizdə epidemiyanın ən qızğın vaxtı olduğunu nəzərə alsaq, “buster” dozanı bir neçə gün tez vurdurmağın heç bir ziyanı yoxdur. Məsləhət görərdim ki, vətəndaşlar qaydalara daha məsuliyyətli yanaşmağa davam etməklə yanaşı, “buster” dozanı da vurdursunlar”.