MƏDƏNİYYƏT
Pyotr Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarıdır
Bakı, 6 may, F.Şükürova, AZƏRTAC
Mayın 6-da Niyazinin mənzil-muzeyində görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Pyotr Çaykovskinin anadan olmasının 175 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova P.Çaykovskinin əsərlərinin nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçildiyini bildirib. Qeyd edib ki, bəstəkar əsərlərində Qərb musiqisi elementlərindən də böyük ustalıqla istifadə edib.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova P.Çaykovskinin həyat və yaradıcılığı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, P.Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi öz ölkəsinin musiqi tarixinə yeni səhifələr yazıb.
Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.