ELM VƏ TƏHSİL
Qabiliyyət imtahanları ilə əlaqədar yaradılmış işçi qrupunun onlayn iclası keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) 2021-2022-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları ilə əlaqədar işçi qrupun onlayn iclası keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, onlayn iclasda qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU), Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin, ADMİU-nun nəzdində Bakı Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Şuşa Humanitar Kollecinin professor-müəllim heyətini təmsil edən nümayəndələr iştirak ediblər.
İşçi qrupun iclasında 2021-2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə orta ixtisas təhsili və bakalavriat səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtləri müzakirə edilmiş və qabiliyyət imtahanlarının müəyyən komissiyalar üzrə təyin olunmuş fənlərin sayı ilə bağlı fikirlər səsləndirilib.
Görüşdə əvvəlcə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri haqqında məlumat verilib, daha sonra pandemiya şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq bəstəkarlıq və musiqişünaslıq komissiyaları istisna olmaqla ali və orta ixtisas təhsili müəssisələrinin bütün musiqi istiqamətli komissiyalarında bir imtahanın keçirilməsi müzakirə edilib. Həmçinin abituriyentlərin və təhsil müəssisələrinin təklifi əsasında musiqi müəllimliyi ixtisasına qəbulda qabiliyyət imtahanının keçirilməsinin vacib olduğu səsləndirilib. Bəzi qabiliyyət imtahanı komissiyalarının yekun qiymətlərinin digər komissiyalara şamil olunması məsələləri də müzakirə olunub.
İclasın sonunda müəssisələrin təmsilçilərinə DİM tərəfindən yaradılmış Qabiliyyət İnformasiya Sistemi ilə bağlı məlumat verilib və musiqi istiqaməti üzrə ekspertlərin məlumatlarının daxil olunmasının sürətləndirilməsi tövsiyə olunub.
Müzakirələr yekunlaşdıqdan sonra növbəti tədris ili üçün qəbul olunacaq qaydalar və proqramlar haqqında geniş məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci və 2-ci saylarında çap ediləcək. Bu jurnalda qabiliyyət imtahanı üzrə proqramlar, qiymətləndirmə meyarları, metodiki tövsiyələr abituriyentlərə təqdim ediləcək.