QABRİEL QARSİA MARKES DAHA YAZMAYACAQ?
Məşhur “Yüz il tənhalıq” romanının müəllifi və ədəbiyyatda cərəyan kimi ecazkar realizmin yaradıcılarından biri olan Markes hesab edir ki, heç bir çətinlik çəkmədən yeni roman yaza bilərdi, “amma oxucular hiss edərdilər ki, bu əsərdə mənim qəlbim-ürəyim yoxdur”. Onun qələmindən çıxan sonuncu bədii kitab 2004-cü ildə nəşr olunan “Kədərli fahişələrim haqqında xatirələr”dir. Yazıçı “Söyləmək üçün gərək yaşayasan” adlı xatirələrini də qələmə almışdır. Bu silsilədən nəzərdə tutduğu üç kitabdan birincisi hələ 2002-ci ildə buraxılmışdı, lakin ikinci cild üzərində iş zamanı “ilham pərisi” yazıçını tərk etmişdir.
Martda Markesin 78 yaşı tamam olur. 1999-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkir. Amma bu, ona siyasi fəaliyyətlə məşğul olmağa maneçilik törətmir. O, keçən ilin dekabrında Kubanın paytaxtı Havanaya gedərək, burada Kolumbiya hökumətinin sədri Alvaro Uribe ilə Milli Azadlıq Ordusundan olan üsyançıların nümayəndələri arasında danışıqlarda vasitəçi kimi çıxış etmişdir.
Fevralda Maqdalena departamentinin hökuməti Markesin doğulduğu Arakataka şəhərinə Arakataka-Makondo adı verilməsi məsələsinə baxacaqdır. Kolumbiyalılar qürur duyurlar ki, yazıçının kiçik vətəni “Yüz il tənhalıq” romanında təsvir edilmiş və onu şöhrətləndirmiş uydurma Makondo kəndi üçün model olmuşdur.