CƏMİYYƏT
Qaçaqmalçılıq yolu ilə gətirilən məhsullarının realizə edilməsinin qarşısı alınıb
Bakı, 3 may, AZƏRTAC
Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin məhsulları satan Azərbaycan Respublikasının iki vətəndaşı və məhsulların daşındığı “Opel Astra” və “VAZ-2106” markalı avtomobillər müəyyənləşdirilib. Şərti alıcı qismində çıxış edən əməliyyatçılar Quba şəhəri, Heydər Əliyev prospektində həmin şəxslərlə əlaqə yaradıb və sövdələşmə baş tutduqdan sonra özlərini təqdim edərək avtomobillərə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Xaçmaz Gömrük İdarəsinə dəvət ediblər.
Gömrük baxışı zamanı hər iki avtomobilin yük yeri və salonundan ümumilikdə üzərində Belarus Respublikasının aksiz markası olan 8980 ədəd “NZ Gold Compact” markalı siqaret, Rusiya Federasiyasının aksiz markası ilə markalanan 9 ədəd 1 litrlik və 60 ədəd 0,5 litrlik araq, üzərində aksiz markası olmayan 2 adda 1 litrlik 20 ədəd viski, 25 kiloqram konfet və 2 adda 78 kiloqram kolbasa və 2 adda 265 kiloqram yağ aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.