ELM VƏ TƏHSİL
“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə konfrans təşkil olunacaq
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbirdə “Gender, qlobal su problemlərinin həllində elm, texnologiya və innovasiyaların rolu və davamlı inkişaf”, “Su kənd təsərrüfatının ayrılmaz hissəsi kimi, məhsul bolluğunun sudan asılılığı”, “İqlim dəyişmələri, su və gender”, “Su çatışmazlığı və gender məsələləri”, “Su diplomatiyası siyasəti: eynilik və fərqlilik mənzərəsində”, “Su - həyatın əsas inkişaf komponentidir”, “Su və fəlsəfə”, “Su-bataqlıq ərazilərində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri və onların əhəmiyyəti”, “Azərbaycanda suların biotəhlükəsizliyinin mikrobioloji aspektləri”, “Sudan səmərəli istifadə edilməsində müasir elm və texnologiyaların rolu”, “Sellərin əhali məskunlaşmasına, sənaye və kənd təsərrüfatının inkişafına təsiri”, “Azərbaycan folklorunda su ilə bağlı inanc və rituallar”, “Qlobal su qıtlığı və qida təhlükəsizliyi” və “Su və sanitariya məsələləri gender perspektivindən” mövzusunda məruzələr dinləniləcək.