SİYASƏT
QADINLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏ PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 25 noyabr - Qadınlara qarşı Zorakılığın aradan qaldırılması Beynəlxalq günü münasibətilə toplantı keçirmişdir.
Tədbirdə AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzin sədri Cəmilə Səttarova qadınlara qarşı zorakılığın aradan qaldırılması, cəmiyyətdə gender balansı məsələlərinin Azərbaycan hökumətinin diqqət mərkəzində duran prioritet sahə olduğunu söyləmişdir. C.Səttarova 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirmiş, 2006-cı il fevralın 6-da komitənin səlahiyyət və imkanlarının genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis olunduğunu diqqətə çatdırmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qadınlara qarşı zorakılıqla mübarizə problemlərinin bir sıra dövlət proqramlarına daxil edildiyini, bu məsələlərin həlli üçün xüsusi proqram və fəaliyyət planlarının işlənib hazırlandığını qeyd etmiş, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun layihəsinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmışdır.