SİYASƏT
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi ulu öndərin xatirəsini anma gününü qeyd etmişdir
Tbilisi, 12 dekabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi ulu öndər Heydər Əliyevin xatirəsini anma gününə həsr olunmuş tədbir keçirmişdir.
Ulu öndərin ruhuna dua oxunmuş, xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin başçısı məşədi Əli demişdir ki, Azərbaycanda olduğu kimi, Gürcüstanda da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilir. Bu da təbiidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik ənənələrinin bərpasında olduğu kimi, Gürcüstan dövlətçiliyinin inkişafında da xidmətləri böyük olmuşdur.
Məşədi Əli qeyd etmişdir ki, ulu öndərin qəbul etdiyi nümayəndə heyətlərinin tərkibində o böyük şəxsiyyətlə görüşmək xoşbəxtliyi mənə də qismət olmuşdur. Belə görüşlərin əksəriyyətində ulu öndər Gürcüstanda vəziyyət, soydaşlarımızın durumu ilə bağlı məsələlərlə maraqlanar, heç vaxt qayğı və diqqətini əsirgəməzdi.
Məşədi Əli, həmçinin demişdir ki, ümummilli liderimizin xatirəsini anma mərasimi Batumidə və Gürcüstanın azərbaycanlılar yaşayan əksər bölgələrində də keçirilmiş, məscidlərdə ulu öndərin ruhuna dualar oxunmuşdur.
Gürcüstan parlamentinin deputatları Azər Süleymanov və Mahir Dərziyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, “Qeyrət” xalq hərəkatının rəhbəri Əlibala Əsgərov və başqaları dahi şəxsiyyətin nurlu ideyalarının əbədi yaşayacağını bildirmişlər.
İştirakçılar böyük maraqla Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxmışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi