ELM VƏ TƏHSİL
QAHİRƏ UNİVERSİTETİNİN 100 İLLİYİ QEYD EDİLİR
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim Əl-Şarkavi AZƏRTAC-a bildirmişdir ki, bu il Qahirə Universitetinin yaranmasının 100 ili tamam olur. Qahirə Universiteti 1908-ci ilin dekabrında açılmışdır. Bu tədbirə Misirin hakimi II Əl-Xəydəvi Abbas, bəzi dövlət xadimləri gəlmiş və həmin gün axşam universitetdə mühazirələr söyləyən heyət tərəfindən tədrisə başlanmışdır. O vaxtlar universitetin daimi iqamətgahı olmamış və mühazirələrin vaxtları gündəlik mətbuat vasitəsilə elan olunurdu.
O vaxt Qahirə Universiteti formalaşmaq üçün ciddi mübarizə aparmış və öz əlaçı tələbələrini aspirantura təhsili almaq üçün Avropa universitetlərinə göndərmiş, daha sonra bu tələbələr müasir elmləri tədris etmək üçün vətənə qayıtmışlar. 1925-ci ildə universitetdə yalnız 4 fakültə olmuşdur. Bundan 3 il sonra 1928-ci ildə universitetə bəzi ali məktəblər də qoşulmuş və onlar kənd təsərrüfatı, həndəsə, ali ticarət, baytarlıq məktəbləri olmuşdur. Bu tarixdən sonra universitet ehramlar yaxınlığında olan Giza regionundakı hazırkı iqamətgahına köçürülmüşdür. 1953-cü ildə Misir Universitetinin adı dəyişdirilərək Qahirə Universiteti adlandırılmışdır. Universitetdaxili genişlənmələr davam etmiş, fakültələrin və institutların sayı 25-ə çatmışdır. Tələbələrin sayı 300 mini ötmüşdür. Qahirə Universiteti dünya dövlətləri universitetləri ilə sıx əlaqələr qurmuşdur.