İDMAN
Qana “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”-nin üçüncüsü olmuşdur [YENİLƏNİB]
Bakı, 13 oktyabr (AZƏRTAC). Azərbaycanda dünya çempionatı həyəcanı başa çatır.
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012” çərçivəsində Almaniya və Qana komandaları 3-cü yer uğrunda mübarizə aparmışlar.
Oyunu çexiyalı baş hakim Jana Adamkova idarə etmişdir. Onun həmyerliləri Lucie Ratajova və Adriana Secova köməkçi hakim qismində iştirak etmişlər.
Baş məşqçi Bernhard Anouşkanın rəhbərliyi ilə meydançaya çıxan Almaniya yığmasının heyətində Merle Frohms, Laura Leluşko, Daria Ştreng, Vivien Beil, Theresa Panfil, Sara Daebritz, Manjou Vilde, Franziska Jaser, Vibke Meister, Johanna Tietge və Rebecca Knaak yer almışlar.
Qana yığmasının heyətində isə Viktoriya Agyei, Naomi Anima, Lili Niber-Lavrens, Ellen Koleman, Şerifatu Sumaila, Vasila Divura-Soale, Vida Opoku, Samira Abdul-Rahman, Priskilla Okyere, Regina Antvi və Fatima Alhassan oynamışlar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 1:0 hesabı ilə Qana futbolçularının qələbəsi ilə nəticələnmişdir.
Qana komandasının heyətində Priskilla Okyere fərqlənmişdir.
Beləliklə, qanalı qızlar dünya çempionatında üçüncü yerə sahib olmuşlar.