QANLI YANVAR HADİSƏLƏRİ ABŞ-DA ANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 1990-cı ilin Qanlı Yanvar hadisələrinin on beşinci ildönümünü ABŞ-da yaşayan soydaşlarımız da qeyd etmişdir. Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) yaydığı bəyanatla icmanı Qara Yanvarın ildönümünü anmağa çağırmışdır. Bəyanatda deyilir: “Bəşəriyyət Azərbaycanın bugünkü müstəqilliyini insanların həyatını qurban verərək qan bahasına aldığını xatırlamalıdır. Azərbaycan xalqı müasir tarixinin ən dəhşətli hadisələrindən birinin - Qanlı Yanvarın 15-ci ildönümünü qeyd edir. 1990-cı ilin 20 yanvarında Sovet qoşunları Bakıya hücum edərək 140 nəfər günahsız insanı qətlə yetirmişdir. Bu əməliyyat, Azərbaycanda baş qaldıran müstəqillik hərəkatının basılması üçün həyata keçirilmişdir. Sovet hakimiyyətinin Azərbaycandakı yerli əlaltılarına diktə etdiyi qərarlara etiraz edənlərin sülhməramlı nümayişlərini dayandırmaq üçün Bakıya imperiya qoşunları yeridilmiş, dinc əhaliyə qanlı divan tutulmuşdur”.
O gecənin qurbanları arasında azərbaycanlı, rus, tatar, ləzgi və yəhudilərin olduğunu açıqlayan AAC-nin bəyanatında deyilir: “Küçələrdə insanlar, pəncərələrdən baxan adamlar, öz yolu ilə hərəkət edən avtomobillər gecə şəhərə daxil olan qoşunların hədəfinə çevrilmişdir… Güllələrin nə qadın, nə uşaq, nə də yaşlılara rəhmi gəlməmişdir”.
AAC-nin bəyanatında vurğulanmışdır ki, bu fəlakət Azərbaycan xalqının azadlıq istəyini daha da möhkəmlətmişdir. Hadisələrdən il yarım sonra Azərbaycan keçmiş Sovet respublikaları arasında ilk olaraq müstəqillik haqqında Konstitusiya Aktı qəbul etmişdir. 1993-cü ildə isə zülm və qəddarlıq rəmzi olan sovet qoşunları Azərbaycandan tamamilə çıxarılmışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton