Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nda nəzərdə tutulmuş tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir.

3. Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2024-cü il

№ 314

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2024-cü il 25 iyun

tarixli 314 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Qapalı paylayıcı şəbəkələrin fəaliyyət

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 17.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qapalı paylayıcı şəbəkəyə dair tələbləri, qapalı paylayıcı şəbəkənin elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri, qapalı paylayıcı şəbəkə istifadəçilərinin tikinti obyektlərinin həmin şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri, habelə qapalı paylayıcı şəbəkə operatorunun və istifadəçilərinin vəzifələrini və hüquqlarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. qapalı paylayıcı şəbəkə - müəyyən ərazi ilə məhdudlaşan istehsal zonasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə həmin ərazidə yerləşən şəbəkə istifadəçilərini elektrik enerjisi ilə təmin edən və texniki səbəblərə görə istifadəçilərinin texnoloji proseslərinin əlaqəli olduğu və elektrik enerjisinin elektrik şəbəkəsinin mülkiyyətçisi və ya operatoru, yaxud onların mülkiyyətində və ya istifadəsində olan obyektlər tərəfindən istehlak olunduğu elektrik şəbəkəsi;

1.2.2. qapalı paylayıcı şəbəkə operatoru - qapalı paylayıcı şəbəkənin idarə edilməsini, istismarını, yenilənməsini və genişlən-dirilməsini təmin edən və elektrik enerjisinin paylanmasına verilən icazə əsasında fəaliyyət göstərən hüquqi şəxs;

1.2.3. qapalı paylayıcı şəbəkə istifadəçisi - qapalı paylayıcı şəbəkəyə qoşulan elektrik qurğusunun sahibi, hüquqi və ya fiziki şəxs;

1.2.4. istehsal zonasının idarəedicisi – istehsal zonasının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən hüquqi şəxs.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

1.4. Qapalı paylayıcı şəbəkənin elektrik şəbəkəsinə qoşulması Qanunun 1.1.38-ci maddəsində nəzərdə tutulan elektrik şəbəkəsinə dair qaydalara (bundan sonra – “Elektrik şəbəkəsinə dair Qaydalar”) uyğun həyata keçirilir.

1.5. Qapalı paylayıcı şəbəkə operatoru qapalı paylayıcı şəbəkənin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə ötürmə və ya paylanma xidmətlərinin göstərilməsi üçün Qanunla müəyyən edilmiş birtipli müqavilə imzalayır.

1.6. Qapalı paylayıcı şəbəkə operatoru qapalı paylayıcı şəbəkəyə qoşulmuş istifadəçilərin sayı, elektrik qurğularının gücü və elektrik enerjisi istehlakı barədə məlumatları rübdə bir dəfə Qanunun 1.1.62-ci maddəsində nəzərdə tutulmuş tənzimləyiciyə (bundan sonra – tənzimləyici) və qapalı paylayıcı şəbəkənin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatoruna təqdim edir.

1.7. Qanunun 29.5-29.9-cu maddələrinin tələbləri qapalı paylayıcı şəbəkə operatoruna da şamil olunur.

1.8. İstehsal zonasının idarəedicisi istehsal zonasında qapalı paylayıcı şəbəkənin idarə edilməsi, istismarı, yenilənməsi və genişləndirilməsi, habelə qapalı şəbəkə istifadəçilərinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qapalı paylayıcı şəbəkə operatorunu yaradır və ya cəlb edir. Qapalı paylayıcı şəbəkənin fəaliyyət sahəsi istehsal zonasında bu Qaydaların 3.2-ci bəndinə əsasən icazədə göstərilən ərazi ilə məhdudlaşır.

2. Qapalı paylayıcı şəbəkə istifadəçisinin tikinti obyektinin qapalı paylayıcı şəbəkəyə qoşulması və ya

əlavə enerji (güc) alması

2.1. Qapalı paylayıcı şəbəkə istifadəçisinin tikinti obyektinin qapalı paylayıcı şəbəkəyə qoşulması və ya əlavə enerji (güc) alması üçün qapalı paylayıcı şəbəkə istifadəçisi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq qapalı paylayıcı şəbəkə operatoruna ərizə ilə müraciət edir.

2.2. Ərizəyə aşağıdakı məlumatlar əlavə edilir:

2.2.1. istifadəçinin VÖEN-i və ya şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi;

2.2.2. qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində istifadəçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);

2.2.3. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası;

2.2.4. istifadəçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda).

2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, qapalı paylayıcı şəbəkə operatoru qapalı paylayıcı şəbəkə istifadəçisinin ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul edir, həmin gün qeydiyyata alır və bu Qaydaların 2.2-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır.

2.4. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmaz-lıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumatın həmin gün qapalı paylayıcı şəbəkə operatoru tərəfindən qapalı paylayıcı şəbəkə istifadəçisinə poçt göndərişi vasitəsilə göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Qapalı paylayıcı şəbəkə istifadəçisi həmin çatışmazlıqları ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman müddət axımı dayandırılır və çatışmazlıqların aradan qaldırıldığı barədə qapalı paylayıcı şəbəkə istifadəçisinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.5. Qapalı paylayıcı şəbəkə istifadəçisi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydaların 2.4-cü bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanıl-ması haqqında qapalı paylayıcı şəbəkə operatoru tərəfindən qərar qəbul edilir və bu barədə məlumatın 2 (iki) gün müddətində qapalı paylayıcı şəbəkə istifadəçisinə poçt göndərişi vasitəsilə göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir.

2.6. Qapalı paylayıcı şəbəkə istifadəçisinin ərizəsinin və ona əlavə edilmiş sənədlərin bu Qaydaların 2.2-ci bəndinin tələblərinə uyğunluğu təsdiq edildiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq, qapalı paylayıcı şəbəkə operatoru tərəfindən qapalı paylayıcı şəbəkəyə qoşulmaq üçün “Elektrik şəbəkəsinə dair Qaydalar”a uyğun olaraq qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər hazırlanır və qapalı paylayıcı şəbəkə operatoru və qapalı paylayıcı şəbəkə istifadəçisi tərəfindən imzalanır.

2.7. Qapalı paylayıcı şəbəkə istifadəçisinin seçdiyi podratçı tərəfindən tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə (bundan sonra – şəbəkəyə qoşulma layihəsi) hazırlanır və qapalı paylayıcı şəbəkə istifadəçisinin müraciəti əsasında qapalı paylayıcı şəbəkə operatoru tərəfindən 5 (beş) gün müddətində təsdiqlənir.

2.8. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qapalı paylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri qapalı paylayıcı şəbəkə istifadəçisinin vəsaiti hesabına podratçı tərəfindən yerinə yetirilir və təhvil-təslim aktı imzalanır.

2.9. Qoşulma nöqtəsində qapalı paylayıcı şəbəkənin gücləndirilməsi ilə bağlı tələb olunan bütün işlər qapalı paylayıcı şəbəkə operatoru tərəfindən onun öz hesabına yerinə yetirilir.

2.10. Qapalı paylayıcı şəbəkə istifadəçisinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” (bundan sonra – “Elektrik enerjisindən istifadə Qaydaları”) ilə tənzimlənir.

2.11. Bu Qaydaların 2.12-ci bəndində nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla, digər tikinti obyektlərində bu Qaydaların 2.8-ci bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin başa çatdırıldığı gün qapalı paylayıcı şəbəkə istifadəçisinin, podratçının və qapalı paylayıcı şəbəkə operatorunun nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, şəbəkəyə qoşulma layihəsinin və Qanunun 20.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının quraşdırılması qaydasının (bundan sonra – “Elektrik qurğularının quraşdırılması Qaydası”) tələblərinin tam yerinə yetirildiyi müəyyən edildiyi halda, qapalı paylayıcı şəbəkə operatoru ilə qapalı paylayıcı şəbəkə istifadəçisi arasında 2 (iki) nüsxədə qoşulma aktı imzalanır və 1 (bir) nüsxəsi istifadəçiyə təqdim edilir.

2.12. 200 kVt güc həddindən yuxarı olan elektrik qurğularının istismarına buraxılış aktı verilməsi üçün bu Qaydaların 2.8-ci bəndində qeyd edilən təhvil-təslim aktı imzalandıqdan sonra qapalı paylayıcı şəbəkə istifadəçisinin müraciət etdiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq qapalı paylayıcı şəbəkə istifadəçisinin, podratçının və qapalı paylayıcı şəbəkə operatorunun nümayən-dələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, şəbəkəyə qoşulma layihəsinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, istismara buraxılış aktı verilir, istifadəçi ilə qapalı paylayıcı şəbəkə operatoru arasında 2 (iki) nüsxədə qoşulma aktı imzalanır və 1 (bir) nüsxəsi istifadəçiyə təqdim edilir.

2.13. Qapalı paylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri üçün çəkilən xərclər layihə-smeta sənədləri əsasında müəyyən edilir.

2.14. Qapalı paylayıcı şəbəkə operatoru ilə paylanma xidmətlərinin göstərilməsi üçün qapalı paylayıcı şəbəkənin istifadəçisi qapalı paylayıcı şəbəkə operatoru ilə Qanunun 29.1.8-ci maddəsi ilə müəyyən edilmiş birtipli müqavilə rəhbər tutulmaqla razılaşdırılmış müqavilə bağlayır.

2.15. Qapalı paylayıcı şəbəkə operatoru şəbəkə istifadəçisindən şəbəkədən istifadəyə görə Qanunda və bu Qaydalarda göstərilməyən hər hansı əlavə ödəniş tələb edə bilməz.

3. Qapalı paylayıcı şəbəkə operatoruna icazənin verilməsi,

onun vəzifələri və hüquqları

3.1. Qapalı paylayıcı şəbəkə operatoru “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Qanunun 8.1.3-cü maddəsinə əsasən elektrik enerjisinin paylanma-sına verilən icazə əsasında fəaliyyət göstərir.

3.2. Qapalı paylayıcı şəbəkə operatoruna verilmiş icazədə onun xidmət etdiyi ərazi göstərilir. İcazənin şərtləri aşağıdakılardır:

3.2.1. paylama fəaliyyətini həyata keçirmək üçün şəxsin mülkiyyətində və ya istifadəsində paylayıcı şəbəkə olmalı;

3.2.2. paylama fəaliyyətini həyata keçirmək üçün şəxs energetika və texniki sahələrdə müvafiq ixtisaslı kadrlara malik olmalı;

3.2.3. paylama fəaliyyəti elektroenergetika sektorunu tənzim-ləyən normativ hüquqi aktlarla müəyyən edilmiş texniki, hüquqi və iqtisadi tələblərə cavab verməlidir (paylama fəaliyyətinin texniki tələblərə uyğunluğu qapalı paylayıcı şəbəkə ötürücü şəbəkəyə qoşulduğu halda ötürücü sistem operatorunun, paylayıcı şəbəkəyə qoşulduğu halda isə paylayıcı sistem operatorunun rəyi ilə müəyyən edilir).

3.3. Qapalı paylayıcı şəbəkə operatoru icazənin alınması üçün müraciət edərkən Qanunun 8.5-ci maddəsinə uyğun olaraq müvafiq sənədləri təqdim etməlidir.

3.4. Qapalı paylayıcı şəbəkə operatorunun vəzifələri aşağıdakılardır:

3.4.1. qapalı paylayıcı şəbəkənin idarə edilməsini, gücləndiril-məsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, həmçinin paylayıcı şəbəkənin istifadəçilərinə elektrik enerjisinin paylanmasını təmin etmək;

3.4.2. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Qanunun 6.4-cü maddəsinə uyğun olaraq tənzimləyici və qapalı paylayıcı şəbəkənin ötürücü şəbəkəyə qoşulduğu halda Qanunun 14.7-ci maddəsinə uyğun olaraq ötürücü sistem operatoru tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;

3.4.3. qapalı paylayıcı şəbəkə paylayıcı şəbəkəyə qoşulduğu halda Qanunun 16.1.1-ci maddəsinə əsasən paylayıcı sistem operatorunun paylayıcı şəbəkəni idarə etmək və bu məqsədlə operativ-dispetçer idarəetməsini həyata keçirmək məqsədilə verdiyi göstərişlərə əməl etmək;

3.4.4. bu Qaydalarda adıçəkilən müqavilələri bağlamaq və onların şərtlərinə riayət etmək;

3.4.5. qapalı paylayıcı şəbəkənin təmirini, yenilənməsini və inkişafını təmin etmək;

3.4.6. qapalı paylayıcı şəbəkə üzrə itkilərin səviyyəsinin müəyyən edilmiş texnoloji normalar daxilində saxlanılmasını təmin etmək;

3.4.7. Qanunun 29.6-cı maddəsi ilə müəyyən edilən hallarda elektrik enerjisi verilişinin dayandırılacağı barədə qapalı paylayıcı şəbəkə istifadəçisinə 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

3.4.8. qapalı paylayıcı şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;

3.4.9. qapalı paylayıcı şəbəkə istifadəçilərinin tikinti obyektlə-rinin ayrı-seçkiliyə yol vermədən qapalı paylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;

3.4.10. hər növbəti il üçün qapalı paylayıcı şəbəkənin istismarı və təmiri planlarını tərtib etmək, istehsal zonasının idarəedicisi ilə razılaşdırmaqla həyata keçirmək;

3.4.11. hər növbəti il üçün qapalı paylayıcı şəbəkə üzrə gəlir və xərclər smetasını hazırlayıb istehsal zonasının idarəedicisinə təqdim etmək;

3.4.12. “Elektrik şəbəkəsinə dair Qaydalar”la müəyyən edilən texniki məsələlər barədə hesabatı və məlumatları həmin qaydalara uyğun olaraq istehsal zonasının idarəedicisinə, qapalı paylayıcı şəbəkənin qoşulduğu şəbəkədən asılı olaraq ötürücü və ya paylayıcı sistem operatoruna və tənzimləyiciyə təqdim etmək;

3.4.13. tikinti obyekti qapalı paylayıcı şəbəkəyə qoşulmuş istifadəçinin sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istifadəçiyə bildiriş, habelə Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək;

3.4.14. tikinti obyekti qapalı paylayıcı şəbəkəyə qoşulmuş istifadəçinin sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq).

3.5. Qapalı paylayıcı şəbəkə operatorunun hüquqları aşağıdakılardır:

3.5.1. qapalı paylayıcı şəbəkədə elektrik enerjisi itkilərinin kompensasiyası üçün topdansatış bazarında elektrik enerjisi almaq;

3.5.2. qapalı paylayıcı şəbəkənin inkişafı ilə bağlı istehsal zonasının idarəedicisinə təkliflər vermək və onun razılığı əsasında müvafiq tədbirləri həyata keçirmək.

3.6. Qapalı paylayıcı şəbəkə operatoru xidmət etdiyi ərazidə elektrik enerjisinin paylanması prosesinin texnoloji, həmçinin operativ-dispetçer idarəetməsini həyata keçirir və həmin ərazidə qapalı paylayıcı şəbəkənin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətinə cavabdehdir.

4. Qapalı paylayıcı şəbəkə istifadəçisinin elektrik enerjisi ilə təchizatı, onun vəzifələri və hüquqları

4.1. Qapalı paylayıcı şəbəkə istifadəçisinin elektrik enerjisi ilə təchizatı təchizatçılar tərəfindən həyata keçirilir.

4.2. Sərbəst və sərbəst olmayan istehlakçıların elektrik enerjisi ilə təchizatının xüsusiyyətləri pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

4.3. Sərbəst istehlakçı olan qapalı paylayıcı şəbəkə istifadəçisi elektrik enerjisini ölkə ərazisində fəaliyyət göstərən istənilən təchizatçıdan almaq hüququna malikdir. Sərbəst istehlakçı olmayan qapalı paylayıcı şəbəkə istifadəçisi elektrik enerjisini yalnız səlahiyyətli təchizatçıdan alır.

4.4. Sərbəst istehlakçı olan qapalı paylayıcı şəbəkə istifadəçisinin elektrik enerjisi ilə təchizatı ikitərəfli müqavilələr, mərkəzləşdirilmiş bazarda bağlanılan alqı-satqı müqavilələri və ya pərakəndə satış bazarında təchizatçı ilə bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsi əsasında həyata keçirilir.

4.5. Sərbəst istehlakçı olmayan qapalı paylayıcı şəbəkə istifadəçisinin elektrik enerjisi ilə təchizatı yalnız həmin istehlakçının yerləşdiyi ərazidə fəaliyyət göstərən səlahiyyətli təchizatçı tərəfindən onlar arasında bağlanılan birtipli müqavilələr əsasında həyata keçirilir.

4.6. Qapalı paylayıcı şəbəkə istifadəçisinin vəzifələri aşağıdakılardır:

4.6.1. “Elektrik qurğularının quraşdırılması Qaydası”na, Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə, 36.3-cü maddəsində nəzərdə tutulan elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və elektrik qurğularının texniki istismar qaydalarına əməl etmək;

4.6.2. elektrik enerjisinin təchizatı müqaviləsi ilə müəyyən edilmiş enerji istehlakı rejimlərinə riayət etmək;

4.6.3. elektrik qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək;

4.6.4. istehlak edilən elektrik enerjisinin dəyərini elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək;

4.6.5. qapalı paylayıcı şəbəkə operatorunun səlahiyyətli nümayəndələrinin bu Qaydaların 3.4.14-cü yarımbəndinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qaydaların 3.4.13-cü yarımbəndinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

4.6.6. pərakəndə satış bazarı qaydalarına riayət etmək.

4.7. Qapalı paylayıcı şəbəkə istifadəçisinin hüquqları aşağıdakılardır:

4.7.1. “Elektrik şəbəkəsinə dair Qaydalar”a uyğun olaraq qapalı paylayıcı şəbəkəyə qoşulmaq;

4.7.2. təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;

4.7.3. elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaq;

4.7.4. öz istehlakı üçün elektrik enerjisini saxlamaq;

4.7.5. elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın təchizatçı tərəfindən ödənilməsini tələb etmək;

4.7.6. təchizatçıdan bu Qaydaların 3.4.13-cü yarımbəndi ilə müəyyən edilən hallarda bildiriş almaq;

4.7.7. təchizatçı tərəfindən təklif olunan elektrik enerjisinə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək.

4.8. Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsini bağlayan qapalı paylayıcı şəbəkə istifadəçisinin elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə qapalı paylayıcı şəbəkə operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin