MƏDƏNİYYƏT
“Qara bağ” qısametrajlı bədii filminin istehsalına başlanılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qara bağ” adlı qısametrajlı bədii filmin istehsalına başlanılıb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, film “Azərbaycanfilm”in elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilir.
Rejissor Amil Məmiyev filmlə bağlı fikirlərini bölüşərək deyib: “Filmin adının “Qara bağ” olması heç də təsadüfi deyil. “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.”
Filmin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.