MƏDƏNİYYƏT
Qara Qarayevin ev-muzeyində gənc musiqiçilər konsert proqramı ilə çıxış ediblər
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Qara Qarayevin ev-muzeyində gənc musiqiçilər, prezident təqaüdçüləri, Fransanın musiqi məktəblərində təhsil alan pianoçu Vurğun Vəkilov, fleyta ifaçısı Ağarəhim Quliyev və ABŞ-da oxuyan pianoçu Əli Məmmədovun iştirakı ilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Bildirib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində olan klassik musiqisevərlər klubu 2008-ci ildən fəaliyyət göstərir. Hər ayın ilk həftəsində musiqiçilərin və tamaşaçıların toplaşdığı bu klubda konsert, yaradıcılıq gecələri təşkil olunur.
Sonra ifaçılar haqda geniş məlumat verilib.
Tədbirin bədii hissəsində Qara Qareyevin, Frederik Şopen və Pietro Morlaççinin əsərləri ifa olunub.