İQTİSADİYYAT
“Qara qızıl”ın qiyməti son 18 ayın minimumuma düşüb
Bakı, 25 dekabr, Nihad Budaqov, AZƏRTAC
Milad tətili ərəfəsində dünya birjalarında neftin qiyməti son 18 ayın ən aşağı səviyyəsinə enib.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti qlobal iqtisadiyyatla bağlı narahatlıqlar, Vaşinqtondakı siyasi çəkişmələr, OPEC və OPEC+ ölkələrinin neft hasilatını daha da azaldıla biləcəyi ilə bağlı xəbərlər fonunda son 1,5 ilin minimumuna düşüb.
Milad ərəfəsində Nyu-York birjasındakı yarım iş günündə həyata keçirilən müddətli neft kontraktlarına dair əməliyyatlar 6,7 faiz azalıb.
Oktyabr ayında son 4 ilin maksimumuna qalxan neftin qiyməti həmin dövrdən bu vaxtadək təxminən 44 faiz geriləyib. Dekabrın əvvəlində OPEC və qeyri-OPEC ölkələrinin neft istehsalını azaltmaqla bağlı qəbul etdiyi qərardan ötən müddət ərzində isə “qara qızıl”ın qiymətində 19 faiz ucuzlaşma qeydə alınıb.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 50,47 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 42,53 dollara alıcı axtarır.