MƏDƏNİYYƏT
“Qarabağ həqiqətləri” sənədli filminin yeni bölümü hazırlanır
Bakı, 21 iyul (AZƏRTAC). Beynəlxalq Diaspora Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağ həqiqətləri” sənədli filminin yeni bölümünün çəkilişləri üçün hazırlıq işlərinə başlamışdır.
Mərkəzin sədri İsmayıl Ağayev AZƏRTAC-a bildirmişdir ki, bu məqsədlə Azərbaycanın tanınmış alimləri və tarixçilərindən ibarət qrup yaradılmışdır.
İ.Ağayevin sözlərinə görə, Türkiyənin İğdır, Qars və Van ərazilərində çəkiləcəyi nəzərdə tutulan filmdə ermənilərin tarixi Azərbaycan torpaqlarında həyata keçirdikləri deportasiya, soyqırımı siyasəti, zaman-zaman ölkəmizdə törədilən terror aktları ilə bağlı ətraflı məlumat veriləcəkdir.
Dörd dilə tərcümə edilməsi planlaşdırılan film Beynəlxalq Diaspora Mərkəzinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri və Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə dünya ictimaiyyətinə çatdırılacaqdır.