Qarabağ Universitetinin tələbəsi qrant müsabiqəsinin qalibi olub
Xankəndi, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tarix ixtisası üzrə II kurs tələbəsi, Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının laborantı, Azərbaycan-Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasının üzvü İlkin Rzayev Azad Mirzəcanzadə İnkişaf Proqramı (AMİP) çərçivəsində qrant müsabiqəsinin qaliblərindən biri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdim olunan “Paleo-Qarabağ” layihəsi, Azıx beynəlxalq paleolit ekspedisiyasının həmrəhbərləri Ə.Babazadə və J.Marreirosun mentorluğunda Qarabağ regionunun Paleolit dövrü arxeoloji abidələrinin müasir rəqəmsal texnologiyalar vasitəsilə sənədləşdirilməsi və qorunmasını strategiyasının hazırlanmasını həyata keçirəcək.
Layihə çərçivəsində 3D modelləşdirmə və QGIS əsaslı məkan analizi tətbiq edilərək abidələrin virtual mühitdə yenidən qurulmasını və sistemli şəkildə xəritələşdirilməsini planlamaqdadır.
Layihənin məqsədi yalnız mövcud abidələrin rəqəmsal bazalarda modellərinin yaradılması deyil, eyni zamanda, yeni potensial arxeoloji abidələrin ilkin identifikasiyası, elmi məlumat bazasının formalaşdırılması və Qarabağın Paleolit irsinin beynəlxalq elmi bazalarda referans olaraq yer almasına tövsiyə verməkdir.
Qeyd edək ki, Azərbaycan-Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyası AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə LEİZA (Leibniz-Zentrum für Archäologie) İnstitutu arasında bağlanmış memorandum əsasında 2024-ci ildən etibarən Azıx mağarasında tədqiqatlar aparmaqdadır.