REGİONLAR
Qarabağ yaxın illərdə turistlər üçün cəlbedici bölgələrdən biri olacaq
Tərtər, 28 aprel, AZƏRTAC
“Ekoloji İnformasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq, növbəti seminarı Tərtər rayonunda təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayon Gənclər Mərkəzində baş tutan tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turizm sektorunun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı çıxış edərək, layihənin məqsədindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində müzəffər ordumuz Ermənistanın işğalı altındakı torpaqlarımızı azad edib. İndi Qarabağın yerlə-yeksan edilmiş şəhərlərində abadlıq-quruculuq işləri sürətlə aparılır. Yaxın illərdə Qarabağın rayonları turistlər üçün cəlbedici yerlərdən olacaq. İcra olunan layihənin məqsədi Qarabağda turizmin təşviqini həyata keçirməkdən ibarətdir. Layihə çərçivəsində sosial çarx hazırlanıb, Qarabağ ekoturizm saytı yaradılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Zabil Paşayev 44 günlük Vətən müharibəsində tərtərlilərin fədakarlığından danışıb. Tərtər rayonunun turizm üçün geniş potensiala malik olduğunu bildirib.
“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq, Aqrar elmlər üzrə fəlsəfə doktoru, layihənin eksperti Xosrov Musayev ekoturizm haqqında iştirakçılara geniş məlumat verib.
Seminar diskussiya şəraitində başa çatıb.