İQTİSADİYYAT
Qarabağdakı layihələrə Beynəlxalq Biznes Foruma üzv ölkələrdən investorların cəlb edilməsi təşviq olunacaq
Bakı, 15 oktyabr, AZƏRTAC
Noyabrın 14-17-də Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF- İnternational Business Forum) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı oktyabrın 15-də KOBİA və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə keçirilmiş mətbuat konfransında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı, MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar və MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun iştirak ediblər.
Tədbirdə Beynəlxalq Biznes Forum barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd olunub ki, 1995-ci ildən etibarən hər il müxtəlif ölkələrdə keçirilən Beynəlxalq Biznes Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır. 2020-ci ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən 24-cü İBF Forumu çərçivəsində KOBİA və İBF rəhbərliyi arasında müvafiq tədbirin Bakıda keçirilməsi barədə razılıq əldə olunub və bu məqsədlə 2021-ci il iyulun 6-da tərəflər arasında anlaşma memorandumu imzalanıb. Forum İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA, MÜSİAD və İBF-nin təşkilatçılığı ilə keçiriləcək. İBF-yə üzv olan 25 ölkədən dövlət rəsmilərinin, iş adamlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palataları və biznes assosiasiyaların nümayəndələrinin iştirak edəcəyi forum çərçivəsində panel müzakirələr, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq.
Forum çərçivəsində, həmçinin Azərbaycanın əlverişli biznes və investisiya mühitinin geniş investorlara tanıdılması, yerli və xarici investorlar arasında birbaşa əlaqələrin qurulması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi və investisiya potensialı da forum zamanı xarici iş adamlarının və investorların diqqətinə çatdırılacaq, Qarabağ regionunda həyata keçiriləcək layihələrə İBF-ə üzv ölkələrdən investorların cəlb edilməsi təşviq olunacaq.
Qeyd edək ki, bu gün MÜSİAD-ın rəhbərliyi iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə də görüşüb.